XRONİKİ TONZİLLİT

XRONİKİ TONZİLLİT

Xroniki tonzillit ümumi infeksiyon xəstəlik olub  damaq badamcıqlarında lokallaşmış xroniki infeksiyon ocaqlarla xarakterizə olunur. Periodik olaraq angina şəklində  kəskinləşmələr müşahidə edilir. Daxili və xarici mühitin əlverişsiz faktorlarının təsirindən orqanizmin müqaviməti aşağı düşür. Nəticədə badamcıq lakunalarında mikrofloranın virulentliyi və patogenliyi artaraq badamcıqların xroniki iltihabına və anginaya səbəb olur. Xroniki tonzillitin əsas əlaməti anamnezdə tez-tez anginaların olmasıdır. Xroniki tonzillit diaqnozunu kəskinləşmə dövründə qoymaq düzgün deyil. Anginada 2-3 həftə sonra damaq badamcıqlarının xroniki iltihabı əlamətlərini obyektiv qiymətləndirmək məqsədə uyğundur. Boğazın müayinəsi zamanı aşağıdakıları görmək mümkündür:

  1. Badamcıqların ölçücə böyüməsi və toxumaların gövşək olması
  2. Damaq qövslərinin hiperemiyası və ödemi
  3. Badamcıq lakunalarında tıxacların olması
  4. Ağızdan pis qoxunun gəlməsi

Bununla yanaşı xəstələrdə tez yorulma, solğunluq, baş ağrısı, subfebril hərarət şikayətləri də olur. Xroniki tonzillit zamanı regionar limfa düyünlərinin böyüməsi də müşahidə edilir. Xroniki tonzillitin konservativ müalicəsinin əsasını badamcıqlara yerli təsir və ümumi möhkəmləndirici terapiya təşkil edir. Yerli terapiya üçün bir neçə metoddan istifadə edilir:

  1. Damaq badamcıqlarının müxtəlif antiseptik məhlullarla yuyulması
  2. Ultrabənövşəyi şüalarla fizioterapevtik müalicə

Konservativ müalicə kömək etmədikdə tonzilloktamiya əməliyyatı məsləhət görülür. Tonzillektomiya əməliyyatına xəstənin hazırlanması ambulator şəraitdə aparılır. Tonzillektomiya  əməliyyatı həm yerli həm ümumi anesteziya altında aparıla bilər. Ancaq qanaxma təhlükəsi və uşaqlara psixoloji travmanın təsirini nəzərə alaraq əməliyyatın ümumi anesteziya altında aparılması məqsədə uyğundur. Xəstələr əməliyyat gününün sonuna qədər müşahidə altında saxlanılır və heç bir problem olmadıqda evə yazılır.